Rusiya ordusu Ukraynanın Donetsk, Odessa, Xerson və Poltava bölgələrini bombalayıb
Rusiya ordusu Ukraynanın Donetsk, Odessa, Xerson və Poltava bölgələrini bombalayıb.
Ukrayna mediasının məlumatına görə, Xersonda Rusiya ordusu sosial infrastruktur obyektlərinə və yaşayış rayonlarına atəş açıb, nəticədə iki bina və 14 fərdi ev zədələnib. Bombardman nəticəsində yeddi nəfər yaralanıb.
Ukrayna mediası yazır ki, Rusiya işğalçı qüvvələri Poltava vilayətinin Kremençuk şəhərinə qarşı yenidən kütləvi və birləşdirilmiş hücuma başlayıblar. Kremençuk bölgəsində enerji infrastrukturu obyektlərinə və açıq ərazilərə birbaşa zərbələr qeydə alınıb. Odessada güclü partlayış səsləri eşidilib. Ukraynanın Hərbi Hava Qüvvələri Odessa istiqamətində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hərəkət etdiyini bildirib.
Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, müdafiə qüvvələri son 24 saat ərzində daha 1.060 rus əsgərini, həmçinin düşmənin 116 nəqliyyat vasitəsini və yanacaqdaşıyanını zərərsizləşdirib. Ukraynanın “Dərin dövlət” analitik layihəsinin məlumatına əsasən, Rusiya hərbçiləri cəbhə xətti boyunca yavaş irəliləyişini davam etdirir və son 24 saat ərzində Donetsk vilayətində üç yaşayış məntəqəsi yaxınlığında irəliləyiş əldə ediblər.