Rusiya mediasının məlumatına görə, Moskva bölgəsində dron hücumu nəticəsində üç nəfər həlak olub
Moskva bölgəsində dron hücumu nəticəsində üç nəfər həlak olub. Qubernator Andrey Vorobyov məlumat yayır.
“Ximkidə (Starbeyevo mikrorayonu) dronun fərdi yaşayış evinə düşməsi nəticəsində bir qadın həlak olub. Daha bir nəfər dağıntılar altında qalıb. Poqorelkı kəndində (Mıtişi) isə iki kişi həlak olub. Dron tikilməkdə olan binaya çırpılıb”, – Vorobyov bildirib.
Rusiya mediasının məlumatına görə, Dedovski şəhərində də hücumlar baş verib, nəticədə dörd nəfər yaralanıb. Çoxmərtəbəli bina və altı şəxsi evə ziyan dəyib.
Moskva meri Sergey Sobyaninin məlumatına görə, Ukrayna qüvvələri Moskva neft emalı zavoduna da dronlarla hücum etməyə cəhd göstəriblər, lakin zavodun fəaliyyətində heç bir fasilə yaranmayıb. Rusiya tərəfinin məlumatına əsasən, ölkənin hava hücumundan müdafiə qüvvələri son sutka ərzində 556 dron vurublar ki, onlardan təxminən 130-u Moskva vilayətinin payına düşür.