Rusiya xaricdə rusofobiyaya görə cinayət məsuliyyəti tətbiq etməyi planlaşdırır

18:47, 23.09.2024

Rusiya hökuməti xaricdə rusofobiyaya görə cinayət məsuliyyətinin tətbiq edilməsi təklifinə müsbət münasibət bildirdi.

Məlumatı Rusiya mediası yayır.

Qanunvericiliyə görə, əcnəbi rəsmi vəzifəli şəxsləri, beynəlxalq təşkilatların yüksək rütbəli şəxsləri və ya xarici ölkə vətəndaşları tərəfindən Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik və ya oxşar hərəkətlərə ictimai çağırışlar rusofobiya olaraq müzakirə olunacaq.

Qanun layihəsinə görə, Rusiya məhkəmələri bu cür cinayətlərdə təqsirləndirilən şəxsləri qiyabi olaraq mühakimə edəcəklər.

Bununla yanaşı, Rusiya hökuməti qeyd olunan təşəbbüslə nəzərdə tutulan əlavə cəzaya yönəlik iradını bildirdi. Xüsusilə, layihəyə əsasən, xaricdə rusofobiyada ittiham olunan şəxslərə Rusiyada “müəyyən vəzifə tutmaq və ya fəaliyyət həyata keçirmək” qadağan ediləcək. Rusiya hökumətində hesab edirlər ki, bu sanksiya praktikada mürəkkəb həyata keçiriləcək, çünki söhbət xaricdə yaşayan şəxslərdən gedir.

Rusofobiyaya görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsü ötən il Rusiyada irəli sürülüb. O zaman hökumətin qanunvericilik fəaliyyəti komissiyası bu təklifi dəstəkləmişdi. Qanun layihəsində söhbət Rusiya vətəndaşlarına və xaricdə daimi yaşayanlara qarşı diskriminasiyadan gedir. Rusiya ərazisində rusofobiyaya görə məsuliyyətin tətbiq edilməsi planlaşdırılmır. Həmçinin, nəyin ayrı-seçkilik hesab oluna biləcəyi müəyyən edilməyib.

Oxşar