Rusiya işğalçı qüvvələri Kiyevə və Ukraynanın digər şəhərlərinə raket zərbələri endiriblər

12:54, 10.10.2022

 

Kiyev səhər saatlarından bombalanır. Partlayış səsləri ölkənin digər şəhərlərində də eşidilir.

Ukraynanın paytaxtına raket zərbələri nəticəsində 8 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Bununla yanaşı, Kiyev metro stansiyalarında təşkil edilmiş sığınacaqlar insanlarla doludur. Yerli hakimiyyət orqanları vətəndaşları sığınacaqlarda qalmağa çağırır.

Rus işğalçı qüvvələri Slavyanska da zərbə endiriblər. Raket hücumları nəticəsində 4 nəfər həlak olub. Yaşayış məhəllələri bombardmanların hədəfinə çevrilib. Lvova da hava hücumu edilib. Şəhərdə kütləvi hücumlar səbəbindən məktəblər bağlanıb, mobil şəbəkələrdə fasilələr yaranıb. Xarkovun bombalanması ilə bağlı da məlumat yayılır.

Paralel olaraq, Dnepropetrovsk, Xmelnitsk və Jitomirdə də partlayış səsləri eşidilir. Ukrayna mətbuatı bu şəhərlərdə hava hücumundan müdafiə sisteminin işlədiyini yazır. Bütün Ukrayna miqyasında hava hücumundan həyəcan siqnalı elan edilib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujni Rusiya işğalçı qüvvələrinin Ukrayna ərazisi istiqamətində 75 raket atdığını, onlardan 41-nin Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini bildirir.

Oxşar