Rusiya Dövlət Duması Ukraynanın işğal olunmuş bölgələrinin Rusiya Federasiyasının tərkibinə daxil olmasını dəstəkləyib
Rusiya Dövlət Duması Ukraynanın işğal olunmuş bölgələrinin Rusiya Federasiyasının tərkibinə daxil olmasını dəstəkləyib. Qondarma özünü elan etmiş Luqansk Respublikasının Rusiyaya qoşulmasını 413 deputat dəstəkləyib. Donetsk Xalq Respublikasına – 412, Zaporojie vilayətinə- 409, Xersonun lehinə isə – 411 deputat səs verib. Heç bir halda qərarın əleyhinə çıxan olmayıb.
Daha sonra Rusiya Dumasının spikeri tabloda niyə müxtəlif dəstəkləyici deputatların sayının əks olunduğunu izah edib. Vyaçeslav Volodin deputatlardan daha diqqətli olmağı xahiş edib. Bundan sonra Dumanın deputatları Ukraynanın dörd bölgəsinin Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı konstitusiya layihələrinin müzakirəsinə başlayıblar.
Ukraynanın vilayətlərində Rusiya tərəfindən təyin olunmuş rəhbərlərlə imzalanan müqavilələr bu ölkənin xarici işlər naziri tərəfindən Rusiya qanunverici orqanına təqdim edilib. Sergey Lavrov çıxışında ABŞ-ı tənqid edib və bildirib ki, Moskva Ukraynada rusları və rusdilli vətəndaşları müdafiə etmək hüququna malikdir.
Sabah Rusiya qanunverici orqanının yuxarı palatası olan Federasiya Şurası Ukraynanın işğal olunmuş vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil olmasını təsdiqləməlidir.
Rusiya prezidenti sentyabrın 30-da Ukraynanın dörd vilayətinin ilhaqına dair sazişləri imzalayıb.