Rus mətbuatı Sergey Şoyqunun qismən səfərbərliyin başa çatması barədə Vladimir Putinə məlumat verməsinə dair xəbər yayır

19:56, 28.10.2022

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə səfərbərliyin qismən başa çatması barədə məlumat verib. Bu barədə rus mətbuatı məlumat yayır.

Şoyqu 218 min insanın hazırda təlimdən keçdiyini bildirib. Hazırlığı başa çatdıraraq 82 min insan Ukraynaya göndərilib.

“Səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan vətəndaşların göndərilməsi bu gün başa çatıb. Vətəndaşlara bildirişlərin göndərilməsi başa çatıb. 300.000 nəfəri səfərbər etmək tapşırığınız yerinə yetirildi. Əlavə tapşırıqlar planlaşdırılmır” -deyə Şoyqu bildirib.

Rusiya müdafiə naziri hərbi komissarlıqlarda könüllülərdən və müqaviləli döyüşçülərdən ibarət qoşunların qruplaşmasının davam etdiyini qeyd edib.

Hazırda Putin səfərbər olunanların avadanlıqla təmin olunmasını və onların təlimini əsas vəzifə kimi müəyyənləşdirib. Bununla yanaşı, Putin qismən səfərbərliyin birinci mərhələsində çətinliklər və səhvlər qeydə alındığını, Rusiyada uzun müddətdir ki, oxşar tədbirlərin həyata keçirilməməsi səbəbilə bunun qaçılmaz olduğunu söyləyib.

“Lazımi nəticələr çıxarmaq, hərbi komissarlıqların bütün iş sistemini müasirləşdirmək lazımdır” -deyə Putin bildirib.

Rusiya prezidenti Müdafiə Nazirliyinə silahlı qüvvələrin bütün komponentlərinin, o cümlədən quru qoşunlarının quruculuğunda düzəlişlər etməyi tapşırıb.

Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib.

Oxşar