Rus mətbuatı Sergey Şoyqunun əmri ilə Rusiyanın silahlı qüvvələrini Xersondan çıxarması barədə məlumat yayır
Rusiya silahlı qüvvələrini Xersondan çıxarır. Rus mətbuatı bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqunun fərman çıxardığına dair məlumat yayır.
Rus mətbuatı yazır ki, bu barədə fərman silahlı qüvvələrin komandanı Sergey Surovikinin müdafiə nazirinə hərbçilərin Dnepr çayının sol sahilinə çıxarılması ilə onların həyatlarının xilas ediləcəyi barədə məlumat verməsindən sonra verilib.
“Cari vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalxmağı təklif edirəm. Başa düşürəm ki, bu, çox çətin bir qərardır. Eyni zamanda, biz, ən vacib amili, sağ sahildə ləngiməsi perspektivsiz olan hərbçi və silahlı dəstələrimizin döyüş qabiliyyətini qoruyub saxlayacağıq” -deyə Surovikin Şoyquya müraciət edib.
Bununla yanaşı, rus mətbuatının yaydığı məlumatda deyilir ki, Surovikin müdafiə nazirinə məlumat verib ki, “xüsusi əməliyyat zonasında vəziyyət sabitləşib və avqust-sentyabr ayları ərzində Ukrayna qüvvələri ağır itkilər verib, belə ki, 9500 ukraynalı həlak olub və yaralanıb”.