Rus mediasının məlumatına görə, Vladimir Medinski və Rustəm Umerov nümayəndə heyətlərinin görüşündən əvvəl 2,5 saat ərzində danışıblar ki, bu da sonrakı danışıqların effektiv aparılmasını müəyyən edib
İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və Ukraynanın müdafiə naziri Rüstəm Umerov Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən əvvəl 2,5 saat danışıblar, – bu barədə rus mediası məlumat yayır.
Rus mənbəsinin bildirdiyinə görə, həmin danışıq sonrakı danışıqların effektiv aparılmasını əvvəlcədən müəyyən edib.
Paralel olaraq, Rusiyanın Ukraynaya təqdim etdiyi memorandumun şərtləri də bəlli olur. Rusiyanın sülh memorandumuna əsasən, Ukrayna neytral ölkə olmalıdır ki, bu da onun hərbi alyanslara və koalisiyalara üzv olmasını, həmçinin, üçüncü ölkələrin Ukrayna ərazisində hər hansı hərbi fəaliyyət həyata keçirməsini və orada xarici hərbi birləşmələrin, hərbi bazaların və hərbi infrastrukturun yerləşdirilməsini qadağan edir.
Ukrayna böhranının həlli üçün Rusiya təklifləri Ukraynada seçkilərin keçirilməsini və sonra sülh müqaviləsinin imzalanmasını əhatə edir. Memorandum həmçinin Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil edilməsinin beynəlxalq-hüquqi tanınmasını və Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və digər paramilitar birləşmələrin bu ərazilərdən tam çıxarılmasını nəzərdə tutur.
Rus tərəfinin memorandumunda “Kiyevin Rusiya Federasiyası və onun vətəndaşlarına qarşı diversiya fəaliyyətindən imtina edəcəyinə” dair zəmanətlər nəzərdə tutulur.