Rus mediası – Rusiyanın Strateji Çəkindirici Qüvvələri cavab nüvə zərbəsi təlimləri keçirib
Rus mətbuatı Rusiyanın Strateji Çəkindirici Qüvvələrinin cavab nüvə zərbəsi təlimi keçirdiyi barədə məlumat yayır.
Təlim Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilib.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Strateji Çəkindirici Qüvvələr düşmənin nüvə hücumuna cavab olaraq kütləvi nüvə zərbəsi endirmək üçün təlimlər keçirib.
Rusiya Baş Qərargahı tərəfindən verilən məlumatda bildirilir ki, təlimə Strateji Təyinatlı Raket Qüvvələrinin “Ярс” mobil yerüstü raket kompleksi, Şimal Donanmasının “Tula” strateji sualtı qayığı və iki Tu-95MC strateji bombardmançı təyyarəsi cəlb olunub.
Hərbçilər ballistik raketləri Plesetsk kosmodromundan və Barents dənizindən atıblar.
Putinin rəhbərliyi altında Rusiyanın Strateji Çəkindirici Qüvvələrinin əvvəlki təlimi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə gün əvvəl, fevralın 19-da keçirilib.