Rus hərbi birləşmələri Ukraynanın Xerson vilayətində Dnepr çayının sol sahilinə keçməyə başlayıb
Rus hərbi birləşmələri Ukraynanın Xerson vilayətində Dnepr çayının sol sahilinə keçməyə başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayır.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Nikolayev-Krivoy Roq istiqamətində Dnepr çayının sol sahilində hazırlanmış mövqelər üzrə təsdiq edilmiş plana ciddi şəkildə əməl olunmaqla rus qoşun bölmələrinin manevri davam edir.
Bundan əvvəl, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya işğalçı qüvvələrinin komandanı Sergey Surovikinin Xerson vilayətində Dnepr çayının sol sahilində müdafiənin təşkili təklifi ilə razılaşıb.
Rus mətbuatı Ukrayna artilleriyasının nəqliyyat dəhlizlərinə endirdiyi zərbələr səbəbindən Xerson yaxınlığında yerləşən rus bölmələrinin təchizatda çətinlik çəkməsi barədə məlumat yayır. Rusiya hakimiyyəti 115 mindən çox vətəndaşın da bölgədən təxliyə edildiyi barədə məlumat verir.