Rumıniya prezidentliyinə namizəd – Rusiyanın dünyanın ən böyük hərbi alyansı üçün əhəmiyyətli bir təhlükə təşkil etmək potensialı yoxdur, yeganə təhlükə NATO-nun potensial dağılmasıdır
Rusiya NATO üçün əhəmiyyətli bir təhlükə təşkil etmir, – Bu barədə Rumıniya prezidentliyinə namizəd Corce Simion “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Rusiyanın dünyanın ən böyük hərbi alyansı üçün əhəmiyyətli bir təhlükə təşkil etmək potensialı yoxdur, buna görə də, yeganə təhlükə NATO-nun potensial dağılmasıdır. Rumıniya, Polşa, Baltikyanı ölkələr üçün bu, əsas təhlükə təşkil edir. Biz NATO-nun birliyi üzərində işləməliyik və onu müdafiə aliyansı kimi qoruyub saxlamalıyıq.İki geosiyasi blok, hətta bir-birinə zidd – Avropa İttifaqı və ABŞ blokları yaratmaq istəyənlər var”, – Simion bildirib.
Simion ümid edir ki, seçkilərin nəticələrinin ləğvi ilə bağlı ictimaiyyətin qəzəbindən istifadə edəcək. Onun dediyinə görə, o, qələbə halında, Kalin Corceskunu baş nazir təyin edə bilər.
“Reuters”ın yazdığı kimi, 38 yaşlı Simion Ukraynaya hərbi yardımın göstərilməsinə qarşıdır və Avropa İttifaqının rəhbərliyinə qarşı tənqidi mövqedədir.
Xatırladaq ki, Rumıniyanın Dairə Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin prezident seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarını ləğv edib. Medianın yazdığına görə, dairə məhkəməsi bu qərarı Rumıniyada keçirilməsi planlaşdırılan təkrar prezident seçkilərinə bir həftə qalmış verib. Bununla yanaşı, Rumıniya Seçki Bürosunda bildiriblər ki, Dairə Apellyasiya Məhkəməsinin qərarı mayın 4-də və 16-da iki mərhələdə keçiriləcək təkrar səsverməyə təsir göstərməyəcək.
Məlumat üçün bildirək ki, Rumıniyanın yüksək instansiyası prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvi barədə dekabrda qərar verib. Buna səbəb kimi Rusiyanın seçkinin ilk turunda birinci olan ifrat sağçı namizəd Kalin Corceskunun xeyrinə müdaxiləsi göstərilib.
Daha sonra Kalin Corceskuya qarşı bir neçə cinayət işi açılıb, o cümlədən faşist təşkilatına üzvlük və seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı yalan məlumat yaymaq ittihamları. Corcesku ittihamları rədd edir.