Rumıniya Prezidenti bildirir ki, Rusiya dronları Ukraynaya hücum zamanı Rumıniyanın hava məkanına daxil olarsa, Rumıniya əlavə diplomatik tədbirlərin görülməsini istisna etmir
Rumıniya Prezidenti bildirir ki, Rusiya dronları Ukraynaya hücum zamanı Rumıniyanın hava məkanına daxil olarsa, Rumıniya əlavə diplomatik tədbirlərin görülməsini istisna etmir

Rusiya dronları Ukraynaya hücum zamanı Rumıniyanın hava məkanına daxil olarsa, Rumıniya əlavə diplomatik tədbirlərin görülməsini istisna etmir, – bu barədə Rumıniya prezidenti Nikuşor Dan bildirib.

“BBC”yə müsahibəsində Rumıniya prezidentindən Qalatda baş verən hadisə səbəbindən Rusiyanın Konstansadakı konsulluğunun bağlanması və Rusiya konsulunun “persona non qrata” elan edilməsindən sonra ölkənin əlavə addımlar planlaşdırıb-planlaşdırmadığı soruşulub.

Nikuşor Danın sözlərinə görə, Rumıniya Rusiyadan daha çox ehtiyatlılıq gözləyir ki, Ukraynaya qarşı istifadə olunan dronlar bir daha Rumıniya vətəndaşlarının həyatı üçün təhlükə yaratmasın.

“Ümid edirəm ki, bu cür hallar dayanacaq. Əks təqdirdə, başqa tədbirlər də görülə bilər. Məsələn, səfirin ölkədən çıxarılması. Diplomatik tədbirlərin öz iyerarxiyası var”, – deyə Rumıniya prezidenti bildirib.

Onun izahatına görə, Buxarest Qalatda düşən aparatın Rusiya istehsalı olan “Geran-2” tipli dron olduğuna şübhə etmir. Nikuşor Dan qeyd edib ki, Rumıniya mütəxəssislərinin bir neçə həftə əvvəl ölkə ərazisində aşkarlanmış və partlamadan yerə düşmüş analoji dronu öyrənmək imkanı artıq olub.

Məlumat üçün bildirək ki, Rumıniyanın sərhədyanı Qalat şəhərində Rusiya dronu onmərtəbəli binaya çırpılıb, nəticədə mənzillərdən birində yanğın baş verib və iki nəfər xəsarət alıb.