Roma Papası Cənubi Qafqazda gərginliyə son qoyulması çağırışı ilə çıxış edib
Roma Papası Fransisk Cənubi Qafqazda gərginliyə son qoyulması çağırışı ilə çıxış edib. Katolik kilsəsinin rəhbəri bildirib ki, Ermənistanla Azərbaycan arasında gərginliyin eskalasiyasına son qoyulmalıdır.
“Reuters” agentliyinin məlumatında eko-aktivistlər tərəfindən Ermənistandan Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçən insanların və yüklərin, ərzaq və tibbi ləvazimatların daşınması üçün yeganə quru yolu olan Laçın dəhlizinin qarşısının kəsildiyi deyilir.
Eyni zamanda, pontifik Müqəddəs Pyotr meydanına toplaşan vətəndaşlardan Ukraynada sülh üçün dua etməyi xahiş edib.
“Cənubi Qafqazda Laçın dəhlizindəki vəziyyətdən narahatam. Xüsusilə, qış mövsümündə daha da pisləşə biləcək əhalinin qeyri-sabit humanitar vəziyyəti məni narahat edir. Mən bütün tərəfləri xalqın rifahı naminə sülh yolu ilə həll yollarını tapmağa çağırıram. Rəbbdən Ukraynada müharibəni dayandıra bilənlərin qəlbinə toxunmasını diləyirik. Gəlin o insanların əziyyətini, xüsusən də uşaqların, qocaların və xəstələrin əziyyətini unutmayaq”- deyə Papa açıqlayıb.