Rikoti dağ keçidində magistral yolun tikintisi başa çatıb
Rikoti dağ keçidində magistral yolun tikintisi başa çatıb

Rikoti dağ keçidində magistral yolun tikintisi başa çatıb və dekabrın 30-u günortadan etibarən Rikotinin 52 kilometrlik, 4 zolaqlı yeni surətli yolunda hərəkət tamamilə açılacaq.

Gürcüstan hökumətinin məlumatına görə, Rikoti magistral yolunun uzunluğu 52 kilometrdir və 51 tunel və 97 körpüdən ibarətdir. Onların arasında ən uzun tunelin uzunluğu bir kilometr 800 metr, ən uzun körpünün uzunluğu isə bir kilometr 362 metrdir.

“Yeni avtomobil yolu müasir işıqlandırma sistemi ilə tam təchiz edilib və beynəlxalq yol təhlükəsizliyi standartlarına cavab verir”, – Gürcüstan hökumətinin məlumatında qeyd olunur.

Gürcüstanın İnfrastruktur Nazirliyinin məlumatına görə, yolun istifadəyə verilməsi səfər məsafəsini 8 kilometr azaldır və hərəkət zamanını yarıya endirir.

“Rikotidə yeni yolun tikintisinin başa çatması nəticəsində dekabrın 30-dan avtonəqliyyat Tbilisidən Samtredia istiqamətində 4 zolaqlı fasiləsiz sürətli avtomobil yolundan istifadə edəcək ki, bu da ölkənin daxili və tranzit daşımalarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

2019-cu ildə Rikoti dağ keçidində 4 zolaqlı avtomobil yolunun tikintisinə dörd hissədə başlanılıb. Nəqliyyatın hərəkəti mərhələli şəkildə açılırdı – yolun ilk 2 kilometrlik hissəsi 2020-ci ildə istifadəyə verilib. Yeni Rikoti magistralı Zestaponi şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələrindən yan keçir ki, bu da yaşayış məntəqələrində nəqliyyat axınını azaldır və hərəkətin təhlükəsizliyini artırır.

Layihə çərçivəsində Şroşa kəndi yaxınlığında yeni yolun hər iki tərəfində yerli sahibkarlar üçün ticarət məkanları təşkil olunub ki, bu da yerli iqtisadiyyatın inkişafına töhfə verir.

Rikoti magistral yolu Şərq-Qərb Beynəlxalq Yol Dəhlizinin (E60) mühüm hissəsini təşkil edir və Gürcüstanın nəqliyyat şəbəkəsinin əsas infrastruktur layihələrindən biridir. Layihə Asiya İnkişaf Bankı (AİB), Avropa İnvestisiya Bankı (AİB), Dünya Bankı (DB) və Gürcüstanın dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə həyata keçirilib.

Layihə və tikinti işlərinin ümumi dəyəri təxminən 2,6 milyard lari təşkil edir”, – İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.