Riçard Qiraqosian – Ermənistan üçün Rusiya indi zəif, etibarsız dost və fərqli çağırışdır

17:57, 19.09.2022

 

Ermənistan üçün Rusiya indi zəif, etibarsız dost və fərqli çağırışdır-bu barədə Yerevanda yerləşən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosian “Gürcüstan radiosu”na müsahibəsində bildirib.

O, Rusiyanın Ukraynaya uğursuz müdaxiləsinin onun bütün qonşuları üçün təhlükə yaratdığını açıqlayıb.

“Mən sizinlə iki müşahidəmi paylaşacağam. Bunlardan biri Ermənistanın nöqteyi-nəzərindəndir – Ermənistan üçün Rusiya indi zəif, etibarsız dost və fərqli çağırışdır. Başqa sözlə desək, proqnozlaşdırıla bilən düşmən Ermənistan üçün etibarsız dostdan fərqli bir çağırışdır. Analitikin nöqteyi-nəzərindən ikinci müşahidə odur ki, Ukraynada nə olmasından asılı olmayaraq, hamımızın qəzəbli, təcrid olunmuş Putinlə qarşılaşacağı məni çox narahat edir və o, bütün qonşularından – Moldovadan başlamış Mərkəzi Asiya ölkələrinə qədər qisas almağa çalışacaq ” –deyə Riçard Qiraqosian bildirib.

Qiraqosian ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərindən də danışıb. O, bunun Moskva üçün də mühüm siqnal olduğunu bildirib. Lakin Riçard Qiraqosyan ABŞ-ın Ermənistana hərbi dəstək verəcəyini ehtimal etmir.

“Nensi Pelosi Nümayəndələr Palatasının spikeridir və o, müstəqillik əldə etdikdən sonra Ermənistana səfər etmiş ABŞ hökumətinin ən yüksək vəzifəli şəxsidir. Buna baxmayaraq, mən skeptik yanaşıram. Əgər bu səfər ABŞ-ın siyasətindəki dəyişikliyin başlanğıcıdırsa, o zaman bu yalnız hələ başlanğıcdır. Prezident Corc Buşun səfərdə olduğu Gürcüstandan nümunələrə və dərsə nəzər salsaq, görərik ki, səfər gözlənilən nəticəni vermədi. Bu səbəbdən ABŞ-dan Ermənistana hərbi yardım gözləmirəm. Siyasi və demokratik dəstək olacaq” – deyə Qiraqosian bildirib.

Regional Araşdırmalar Mərkəzinin direktoru ilə müsahibənin tam versiyasını Levan Axalaianın “Dünya xəbərləri” müəllif proqramında dinləyə bilərsiniz.

Oxşar