“Reuters” – “Twitter” Etimad və Təhlükəsizlik Şurasını ləğv edib
“Twitter” Etimad və Təhlükəsizlik Şurasını ləğv edib. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
“Reuters”in məlumatında şura üzvlərinə müvafiq elektron məktub göndərildiyi deyilir.
“Twitter” bu yeni mərhələyə keçərkən biz məhsulumuza və siyasətimizə ən yaxşı xarici təhlili necə cəlb etməyi öyrənirik. Bu proses çərçivəsində Etimad və Təhlükəsizlik Şurasının bunu etmək üçün ən yaxşı struktur olmadığına qərar verdik. “Twitter”i təhlükəsiz, informativ məkana çevirmək üçün işimiz hər zamankından daha sürətlə və aktiv şəkildə gedir. Bu məqsədə necə nail olunacağı ilə bağlı gələcək ideyalarınızı alqışlayırıq”- deyə şura üzvlərinin qəbul etdiyi məktubda deyilir.
“Reuters” agentliyinin yazdığı üzrə, şuranın “Twitter”dəki səhifəsi silinib.
Etimad və Təhlükəsizlik Şurası sosial media platforması üçün məsləhətlər vermək məqsədilə 2016-cı ildə yaradılmış könüllülərdən ibarət qrup idi. Şuranın tərkibinə vətəndaş hüquqlarının müdafiəsi təşkilatlarının, akademik və digər təşkilatların nümayəndələri daxil idi.
İlon Mask “Twitter”in rəhbərliyinə gəldikdən sonra şirkətdəki işçilərin təxminən yarısı, 3700 işçi işdən çıxarılıb. Etimad və Təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri İoel Rot da daxil olmaqla, mindən çox işçi istefa verib. Etimad və Təhlükəsizlik Şurasının üç üzvü ötən həftə istefa verib. Onlar buna səbəb kimi “Twitter” istifadəçilərinin təhlükəsizliyi ilə bağlı narahatlığı göstəriblər.