“Reuters” – Suriya Əsəd rejiminin kimyəvi silah proqramının qalıqlarını məhv etməyə başlayıb

22:32, 03.09.2026

Suriya Əsəd rejiminin kimyəvi silah proqramının qalıqlarını məhv etməyə başlayıb, – bu barədə “Reuters” agentliyi yazır.

BMT-nin tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu və Suriyanın BMT-dəki səfiri İbrahim Olabinin BMT Təhlükəsizlik Şurasının iclasında bildirdiklərinə görə, bu, son onillikdə Suriyada kimyəvi silahların məhv edilməsinin ilk təsdiqlənmiş halıdır.

“Reuters”in məlumatına görə, may ayında Suriyanın yeni hakimiyyəti Bəşər əl-Əsəd rejiminin kimyəvi silah proqramının qalıqlarını, o cümlədən vətəndaş müharibəsi zamanı kimyəvi hücumlar üçün istifadə edilən silahlara bənzər xammal və hərbi sursatı aşkar edib.

Nakamitsunun bildirdiyinə görə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) 2014-cü ildən bəri ilk dəfə Suriyada kimyəvi hərbi sursatların məhv edilməsini təsdiqləyib.

Suriyanın BMT-dəki səfiri bildirib ki, bu işlərlə Suriya “dünyanı və bölgəyi qoruyur”.

Bununla yanaşı, səfir Olabi İsraili tənqid edərək bildirib ki, İsrailin ardıcıl hücumları kimyəvi silahların axtarışı və məhv edilməsi əməliyyatlarına mane olub və prosesə cəlb edilmiş suriyalı mütəxəssislər üçün təhlükə yaradıb. Olabinin məlumatına görə, Suriya hakimiyyəti həmçinin kimyəvi silah proqramında iştirakda ittiham olunaraq həbs edilən şəxslərə qarşı ilk məhkəmə iclasının keçirilməsinə hazırlaşır.

Suriya hakimiyyəti cari ilin əvvəlində proqramda ehtimal olunan iştirakına görə 18 nəfəri, o cümlədən yüksək rütbəli hərbi, siyasi və texniki sahənin nümayəndələrini həbs edib.

Oxşar