“Reuters” – Rusiya Çində gizli şəkildə pilotsuz uçuş aparatının yeni modelini yaradıb

14:28, 26.09.2024

 
“Reuters”in məlumatına əsasən, Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə etməyi planlaşdırdığı döyüş dronunun yeni modelini hazırlayıb. Agentliyin yazdığı kimi, dronun sınağı Çin ərazisində uğurla həyata keçirilib.

Agentliyin araşdırma məqaləsi Rusiyanın “Almaz-Antey” dövlət konserninin nəzarət etdiyi İjevsk elektromexaniki zavodu – “Kupol”a aiddir. “Reuters”in məlumatına əsasən, “Kupol” çinli mütəxəssislərlə əməkdaşlıqla “Harpy-3” pilotsuz uçuş aparatını yaradıb və 2024-cü ilin əvvəlində Çində sınaqdan keçirib.

“Kupol”un sənədlərindən aydın olur ki, “Harpy-3” 50 kq-a qədər yük daşıya bilir və təxminən 2000 km uça bilir. Çində sınaqdan keçirildikdən sonra “Harpy-3” və Çində hazırlanmış digər dronların bir neçə surəti sonrakı sınaqlar üçün İjevskə aparılıb.

Həmçinin, “Kupol” Rusiya Müdafiə Nazirliyinə bu dronları Çində “geniş miqyasda” istehsal edə biləcəyi haqda məlumat verib.

İjevsk müəssisəsi, “Almaz-Antey” və Rusiya Müdafiə Nazirliyi “Reuters”in məlumatını şərh etməyiblər.

Çinin Xarici İşlər Nazirliyində isə dronların yeni modelinin istehsalı ilə bağlı heç nə bilmədiklərini, Pekinin pilotsuz uçuş aparatların ixracına ciddi nəzarət etdiyini bildiriblər.

Məlumat üçün bildirək ki, sentyabrın əvvəlində Amerikanın “Newsweek” nəşri Şimali Koreyanın 2022-ci ilin ortalarından Rusiyaya ehtimal ki, silahın olduğu 13 mindən çox dəniz konteyneri göndərdiyini bəyan edib.

Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, konteynerlərdə altı milyondan çox 152 mm-lik artilleriya mərmisi, eləcə də 122 mm-lik artilleriya mərmiləri, mobil zenit-raket kompleksləri, tank əleyhinə raketlər və digər hərbi texnika ola bilər.

Bundan əlavə, Rusiya İrandan hərbi yardım alır. Rusiyanın Ukraynanın infrastrukturuna hücum etmək üçün istifadə etdiyi “Shahed” dronlarından başqa, Tehran Moskvaya qısa mənzilli ballistik raketlər verib.

Oxşar