“Reuters” – Rusiya bank böhranının kəskin şəkildə pisləşməsi təhlükəsi ilə üz-üzədir
Rusiya bank böhranının kəskin şəkildə pisləşməsi təhlükəsi ilə üz-üzədir, – bu barədə “Reuters” agentliyi Avropa dövlət kəşfiyyatının hesabatlarına istinadən yazır.
Hesabatda qeyd olunur ki, Rusiya bankları ölkənin müharibə iqtisadiyyatını maliyyələşdirməyin ağır yükünü daşıyırlar. Bu xəbərdarlıq Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığı bir vaxtda yayılır.
Son həftələrdə Avropanın yüksək rütbəli rəsmiləri üçün Rusiya bank sektorunun vəziyyətini qiymətləndirmək məqsədilə hazırlanmış ikisəhifəlik sənəddə deyilib ki, Rusiya bankları Qərb tərəfindən tətbiq ediləcək əlavə məhdudiyyətlərə qarşı xüsusilə həssasdırlar.
Kəşfiyyat hesabatında, “2026-cı ildə Rusiyada bank böhranı ehtimalı haqqında qeyd“ adlı sənəddə qeyd olunur ki, banklar müdafiə sektoru şirkətlərinə, mənzil alıcılarına və digər borcalanlara subsidiyalaşdırılmış kreditlər vermək məcburiyyətindədirlər. Sənədə görə, dövlət tərəfindən dəstəklənən kredit proqramları, kreditlərin restrukturizasiyası və hökumət yardımı bankların real problemlərini və zəif cəhətlərini yalnız gizlədir.
“Bu vəziyyət dinamik iqtisadiyyat illüziyası yaradır, lakin əslində son dərəcə qeyri-sabit bir vəziyyəti gizlədir. İqtisadi şok, məsələn, banklara qarşı yönəlmiş sərt sanksiyalar, bu vəziyyəti kəskin bank böhranına çevirə bilər”, – hesabatda deyilib.
Rusiya Mərkəzi Bankı qiymətləndirmə ilə bağlı şərh verməkdən imtina etdi, lakin son vaxtlar qurum dəfələrlə bəyan edirdi ki, irimiqyaslı bank böhranı riski şişirdilib.