“Reuters” – Polşa məhkəməsi “Gazprom” və daha beş şirkətə qarşı cərimələri ləğv edib, tənzimləyici orqan bunu şikayət edəcək
Polşanın tənzimləyici orqanı rus şirkəti “Gazprom” və “Şimal axını 2”nin tikintisi ilə bağlı daha beş şirkətə tətbiq etdiyi cərimələri ləğv edən məhkəmə qərarını şikayət edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Medianın yazdığı üzrə, 2020-ci ildə Polşanın tənzimləyici orqanı – Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi rus enerji nəhəngi “Gazprom”u Varşavanın icazəsi olmadan “Şimal axını 2” qaz kəmərinin tikintisinə görə 29 milyard zlot (6,33 milyard dollar) məbləğində cərimələyib.
Medianın yaydığı məlumatda, bundan əlavə, tənzimləyici orqanın layihənin maliyyələşdirilməsində iştirak edən beş şirkəti 234 milyon zlot cərimələdiyi deyilir. Bu şirkətlərə: Engie Energy, Uniper, OMV, Shell və Wintershall daxildir.
Tənzimləyici orqan Polşanın Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Məhkəməsinin bu qərarı ləğv etdiyini açıqlayır.
“Biz qərarın yazılı əsaslandırılmasını tələb edirik və sonra bu məsələni şikayət edəcəyik”-deyə Polşa Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin rəhbəri Tomaş Xrostninin bəyanatında deyilir.
Polşa Rusiyanın enerji daşıyıcılarından Avropa ölkələrinə təsir etmək üçün istifadə edə biləcəyini iddia edərək, “Şimal axını 2” layihəsinə aktiv şəkildə qarşı çıxırdı.
“Qərarı təqdim edərkən danışdığımız təhlükələri bu gün təkcə Polşada deyil, bütün Avropada adi gözlə görmək olar” -deyə Xrostni bildirib.
Bu ay Polşa “Gazprom”un “Europol Gaz”dakı 48% hissəsinin milliləşdirilməsini açıqlayıb. “Europol Gaz” Yamal qaz kəmərinin Polşa hissəsinə sahibdir. Sentyabrda Polşa “Gazprom”a qarşı sanksiyalar tətbiq edib.