“Reuters” – Donald Tramp Vladimir Putinə Melaniya Trampın məktubunu təqdim edib, həmin məktubda Ukraynadan qaçırılmış uşaqlardan bəhs olunur
ABŞ-ın prezidenti Donald Tramp Ankoricdə keçirilən görüş zamanı Vladimir Putinə Melaniya Trampın məktubunu təqdim edib. Həmin məktubda ABŞ-ın birinci xanımı Ukraynada davam edən müharibə dövründə qaçırılmış uşaqlar barədə yazır.
Bu barədə “Reuters” Ağ Evin iki yüksək vəzifəli rəsmisinə istinadən məlumat verib, lakin məktubun məzmunu ilə bağlı digər təfərrüatlar məlum deyil.
ABŞ-ın birinci xanımı Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşündə iştirak etməyib.
“Reuters” yazır ki, Ukrayna Rusiya qüvvələrinin uşaqları Rusiyaya və ya Rusiya tərəfindən işğal olunmuş ərazilərə məcburi köçürməsini müharibə cinayəti hesab edir. Moskva isə bildirir ki, onlar həssas və yetkinlik yaşına çatmamış uşaqları döyüş zonasından uzaqlaşdırmaqla qoruyurlar.
Donald Tramp və Vladimir Putinin Ankoricdəki Amerika hərbi bazasında keçirilən görüşü təxminən üç saat davam edib.