"Reuters" - Avropa İttifaqı liderləri Ukraynanın təcili maliyyə ehtiyaclarını qarşılamaq barədə razılığa gəliblər, lakin Kiyevə kredit vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək barədə razılığa gələ bilməyiblər
Avropa İttifaqı liderləri növbəti iki il ərzində Ukraynanın təcili maliyyə ehtiyaclarını qarşılamaq barədə razılığa gəliblər, lakin Kiyevə böyük məbləğdə kredit vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək barədə razılığa gələ bilməyiblər, – bu barədə “Reuters” yazır.
Agentlik xəbər verir ki, qərarın qəbul edilməsinə Belçikanın ifadə etdiyi narahatlıq mane olub.
“Reuters”in yazdığına görə, sammitdən sonra dərc olunan sənədin mətni əvvəlki mətnlərlə müqayisədə “yumşaldılıb”.
“Avropa Şurası 2026-2027-ci illərdə Ukraynanın təcili maliyyə ehtiyaclarını, o cümlədən hərbi və müdafiə məqsədlərini ödəməyi öhdəsinə götürür”, – sənəddə qeyd olunub.
Sənəddə həmçinin qeyd olunur ki, Avropa İttifaqının qanunvericiliyinə müvafiq olaraq, Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini dayandırana və müharibənin vurduğu zərəri ödəyənə qədər Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalmalıdır”.
Bununla yanaşı, Avropa Şurasının prezidenti Antonio Koştanın mətbuat konfransında bildirdiyi kimi, Rusiya anlamalıdır ki, Ukrayna qarşıdakı iki il ərzində müdafiə üçün lazım olan resurslara sahib olacaq.
“Rusiya aydın başa düşməlidir ki, Ukrayna müdafiə üçün lazım olan maliyyə resurslarına malik olacaq”, – Koşta qeyd edib.