"Reuters"- Avropa İttifaqı liderləri Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə birgə kreditlə bağlı razılığa gəliblər
"Reuters"- Avropa İttifaqı liderləri Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə birgə kreditlə bağlı razılığa gəliblər

Avropa İttifaqı liderləri Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə birgə kreditlə bağlı razılığa gəliblər, – bu barədə “Reuters” yazır.

Bir neçə saatlıq danışıqlardan sonra Avropa Şurasının sədri Antonio Koşta bildirib ki, liderlər Ukraynaya 90 milyard avro maliyyə dəstəyi ayırmaq barədə razılaşıblar.

Maliyyə vəsaitləri Avropa İttifaqının 27 ölkəsindən 24-nün birgə krediti hesabına cəlb olunacaq, lakin planın təsdiqlənməsi üçün bütün ölkələrin razılığı tələb olunurdu, çünki kredit Avropa İttifaqının mərkəzi uzunmüddətli büdcəsi ilə təmin edilib.

“Reuters” agentliyinin yazdığına görə, Macarıstan, Slovakiya və Çexiya planın onlara maliyyə cəhətdən təsir etməməsi şərti ilə həyata keçiriləcəyi barədə razılığa gəliblər.

Avropa İttifaqı liderləri bildiriblər ki, ümumi dəyəri 210 milyard avro olan Rusiya aktivləri, Moskva Ukrayna müharibəsi üçün təzminat ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq. Əgər Moskva nə vaxtsa belə bir addım atsa, Ukrayna bu vəsaiti borcunu qaytarmaq üçün istifadə edə bilər.

“Bu, Ukrayna üçün yaxşı, Rusiya üçün isə pis xəbərdir, bizim niyyətimiz bu idi”, – Almaniya kansleri Fridrix Merts bildirib.