“Reuters” – Aİ ölkələri Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi üzrə ilkin razılığa gəliblər
Aİ ölkələri Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəliblər. “Reuters” agentliyi üç diplomatik mənbəyə istinadən müvafiq məlumat yayır.
Cari həftənin əvvəlində Avropa Komissiyası Şuraya əlavə ticarət məhdudiyyətləri tətbiq etməyi və qara siyahını genişləndirməyi, həmçinin dəniz yolu ilə daşınan rus neftinin qiymətinə yuxarı həddi müəyyən etməyi nəzərdən keçirməyi tövsiyə edib.
“Reuters”in yazdığı üzrə, Avropa İttifaqına üzv olan 27 ölkənin səfirləri cümə günü Brüsseldə bu təşəbbüsü müzakirə edərək, ilkin “yaşıl işıq” yandırıblar. Gözlənildiyi kimi, sanksiyaların yekun təsdiqi gələn həftə baş tutacaq.
Sanksiyalar Aİ-nin bütün üzvləri tərəfindən dəstəklənməlidir, lakin onlar arasında fikir ayrılıqlarının aradan qaldırılması çox çətin olarsa, məsələ oktyabrın 6-7-də Praqada bir araya gələcək Aİ liderlərinə göndəriləcək. Macarıstan Rusiyaya qarşı sanksiyaların ən fəal əleyhdarıdır.