"Reuters"- Ağ Evin nəzarət-keçid məntəqəsi yaxınlığındakı atışmada şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaralanıb, sonradan o, xəstəxanada dünyasını dəyişib
Ağ Evin nəzarət-keçid məntəqəsi yaxınlığındakı atışmada şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaralanıb, sonradan o, xəstəxanada dünyasını dəyişib, – bu barədə “Reuters” agentliyi ABŞ Məxfi Xidmətinə istinadən xəbər verir.
Medianın məlumatına görə, həmin kişi Ağ Evin yaxınlığında, 17-ci küçə və Pensilvaniya prospektinin kəsişməsində yerləşən nəzarət-keçid məntəqəsinə yaxınlaşıb, çantasından silah çıxarıb və zabitlərin istiqamətinə atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə cavab atəşi açaraq şübhəlini yaralayıblar.
Eyni zamanda, media ABŞ Məxfi Xidmətinə istinadən atışma nəticəsində təsadüfi bir yoldan keçənin yaralandığı barədə məlumat yayıb. Zərərçəkmiş haqqında təfərrüatlar məlum deyil, həmçinin onun hücumçunun açdığı atəş zamanı, yoxsa cavab atəşi zamanı yaralandığı da hələlik qeyri-müəyyəndir.
“Reuters”in məlumatına görə, hüquq-mühafizə orqanlarının nümayəndələrindən biri şübhəli şəxsin emosional olaraq qeyri-stabil biri hesab edildiyini və bundan əvvəl ona qarşı “yaxınlaşma qadağası” (qətimkan tədbiri) qərarının çıxarıldığını bildirib. ABŞ Məxfi Xidmətinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında xəsarət alan olmayıb. Qurum həmçinin hadisə zamanı ABŞ Prezidenti Donald Trampın Ağ Evdə olduğunu təsdiqləyib.