Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş 10 əyalətdə üç aylıq fövqəladə vəziyyət elan edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş 10 əyalətdə üç aylıq fövqəladə vəziyyət elan edib. Türkiyə Prezidenti zəlzələ nəticəsində həlak olanların sayının 3549 nəfərə çatdığını, 13 milyona qədər insanın isə təbii fəlakətdən zərər çəkmiş bölgələrdə yaşadığını bildirir.
“Türkiyə təkcə öz tarixinin deyil, həm də dünya tarixinin ən böyük fəlakəti ilə üz-üzədir. İlk növbədə, təcili yardım və dəstək fəaliyyətləri üçün qurumlarımızın sərəncamına 100 milyard lirə resurs ayırdıq. Hazırda dağıntılar bölgəsində 53 317 axtarış-xilasetmə əməkdaşımız və yardımçı heyətimiz çalışır. Türkiyədən və xaricdən gələn qruplarla sayı hər saat artır. Jandarmamızın minlərlə şəxsi heyəti, həmçinin 26 yük təyyarəsi, sahil mühafizə komandanlığımız gəmi və qayıqları ilə fəlakət bölgəsində işləyir”- deyə Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Bu vaxta olan məlumatlara əsasən Türkiyədə zəlzələ nəticəsində ölkənin on vilayətində xəsarət alanların sayı 21 103 nəfərdir. Bu mərhələdə 380 500-ə yaxın zərərçəkmiş sığınacaqlara köçürülüb.