Rəcəb Tayyib Ərdoğan - İlham Əliyevin davamlı sülhün bərqərar olunması istiqamətində səmimi səylərini qiymətləndiririk, həmçinin, bu yolda Nikol Paşinyanın cəsur addımlarından məmnunuq
Cənubi Qafqazda sülh bütün regionun rifahına xidmət edir, Asiyadan Avropaya qədər, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı bildirib.
Türkiyə prezidentinin söylədiyinə görə, müharibə Asiya və Avropada geosiyasi reallığı dəyişib.
Ərdoğanın bildirdiyinə görə, Qarabağın azad edilməsi türk dünyasının qürur mənbəyidir və Qarabağda qazanılan qələbə türk dünyasının tarixinə qızıl hərflərlə yazılıb.
“Biz bu qələbəni son deyil, Cənubi Qafqazda davamlı sülhə gedən yolun təməli kimi görürük. Bizim davamlı sülhün əldə olunacağına böyük ümidimiz var. Biz qardaşım İlham Əliyevin davamlı sülhün bərqərar olunması istiqamətində göstərdiyi səmimi səyləri qiymətləndiririk. Həmçinin, Ermənistanın Baş Naziri Nikol Paşinyanın bu yolda atdığı cəsarətli addımlardan məmnunuq. Ümid edirəm ki, bu möhtəşəm qələbə, hər iki liderin konstruktiv mövqeyi ilə, bölgədə sülhü və təhlükəsizliyi gücləndirəcək davamlı razılaşmaya səbəb olacaq. Biz, Türkiyə olaraq, bu istiqamətdə lazım olan hər şeyi etməyə davam edəcəyik”, – Türkiyə prezidenti qeyd edib.