Rəcəb Tayyib Ərdoğan - Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğramasının səbəbləri toplanan məlumatlar və qara qutunun təhlili nəticəsində aydın olacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğramasının səbəbləri toplanan bütün məlumatlar və qara qutunun təhlilindən sonra aydın olacaq.
Ərdoğanın dediyinə görə, Türkiyə hakimiyyəti bu məlumatı ictimaiyyətlə paylaşacaq. Bu barədə Türkiyə lideri hökumətin iclasından sonra bildirib.
“Fəlakət Araşdırma Qrupu tərəfindən toplanmış məlumatlar, həmçinin, qara qutunun təhlili nəticəsində 20 nəfərin həyatına son qoyan bu faciəvi hadisənin təfərrüatlarını daha aydın anlaya biləcəyik. Biz bu məlumatı açıq şəkildə ictimaiyyətlə, xüsusən də vəfat etmiş şəxslərin ailələri ilə paylaşacağıq”, – Ərdoğan bildirib.
Türkiyə Prezidentinin dediyinə görə, təyyarə qəzasından sonra cəsədlərin və təyyarənin qara qutusunun tapılması operativ şəkildə həyata keçirilib. O, Türkiyənin kədərini bölüşən bütün dost ölkələrə təşəkkürünü bildirib.
“Biz dünyanın hər yerindən, xüsusən də qardaş ölkələrimizdən başsağlığı və həmrəylik mesajları aldıq. Xüsusilə də Gürcüstan və Azərbaycan qəza baş verdikdən dərhal sonra bütün resurslarını səfərbər etdi, axtarış-xilasetmə qruplarının yerləşdirilməsi, axtarış-xilasetmə qruplarının yerləşdirilməsində, dağıntıların yığılmasında və ərazidə təhlükəsizliyin təmin edilməsində tam əməkdaşlıq etdi”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Məlumat üçün bildirək ki, noyabrın 11-də göyərtəsində 20 hərbçi olan Türkiyəyə məxsus hərbi təyyarə Sığnagi bələdiyyəsinin Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.Təyyarə Azərbaycan–Türkiyə istiqamətində uçuş həyata keçirirdi.