Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutub
Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutub. Türkiyə prezidenti ABŞ prezidentini Türkiyəyə dəvət edib. Ərdoğan bildirib ki, Türkiyə ABŞ ilə bir çox istiqamətdə, xüsusilə də müdafiə sektorunda əməkdaşlığı gücləndirməyə davam edəcək.
Bununla yanaşı, Türkiyə prezidenti Trampla söhbəti zamanı Qəzzada humanitar böhranın son dərəcə ağır miqyaslara çatdığını və Türkiyənin davamlı sülhün bərqərar olması üçün yardım və dəstək verməyə hazır olduğunu qeyd edib.
Söhbət barədə ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkəsində yazır.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və digər mövzular da daxil olmaqla, müxtəlif məsələlər üzrə çox yaxşı və məhsuldar telefon danışığım oldu. Prezident məni Türkiyəyə dəvət etdi və həmçinin, o, da Vaşinqtona gələcək. Prezident olduğum dörd il ərzində Ərdoğanla münasibətim əla idi. Biz bir çox məsələlərdə sıx əməkdaşlıq edirdik. Mən Rusiya və Ukrayna arasında absurd, lakin ölümcül müharibəyə son qoymaq üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – indi”, – Donald Tramp yazır.