Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya daxil olmaq məsələsində Türkiyənin dəstəyini gözləməməli olduğunu bildirir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya daxil olmaq məsələsində Türkiyənin dəstəyini gözləməməli olduğunu bildirir. Bu bəyanatı Rəcəb Tayyib Ərdoğan şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında keçirilən və Quranın yandırıldığı etiraz aksiyasından sonra verib.
“Səfirliyimiz qarşısında bu cür küfrlərə yol verənlər NATO-ya üzvlük üçün bizim dəstəyimizi gözləməməlidirlər. İsveç hökumətinin bizə hüquq və azadlıqlardan bəhs etməsinə ehtiyac yoxdur. Həqiqətən hüquq və azadlıqlara hörmət edirsinizsə, ilk növbədə Türkiyə Respublikasına və ya müsəlmanların dini inanclarına hörmət etməlisiniz. Əgər bu hörməti göstərməsəniz, təəssüf edirəm NATO-ya üzvlük məsələsində dəstəyimizi görməyəcəksiniz”- deyə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Stokholmda Quranın yandırıldığı aksiyanı danimarkalı ifrat sağçı siyasətçi, həm də İsveç vətəndaşı olan Rasmus Paludan keçirib. Bu nümayiş Səudiyyə Ərəbistanı, İordaniya və Küveyt daxil olmaqla bir sıra müsəlman ölkələri tərəfindən qınanılıb. İsveç səfiri aksiyaya görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini də həmçinin ləğv edib.
Xatırladaq ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətini hələlik ratifikasiya etməyib.