Rəcəb Tayyib Ərdoğan - Biz artıq Cənubi Qafqazda münaqişə istəmirik, əksinə sülh istəyirik, regionda davamlı sülh hər kəs üçün faydalı olacaq
Biz artıq Cənubi Qafqazda münaqişə istəmirik, əksinə sülh istəyirik, regionda davamlı sülh hər kəs üçün faydalı olacaq, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın dediyinə görə, Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün üfüqdə olmasından məmnundur və Ankara bu prosesi diqqətlə izləyir.
“Biz də lazımi töhfəmizi veririk. Əldə olunan sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Biz də Ermənistanla münasibətlərin səliqəli şəkildə normallaşdırılması prosesindən keçirik. Həm sülh, həm də normallaşma əldə olunanda biz ölkələrimizin bundan faydalanacağını görəcəyik. Zəngəzur yolu Azərbaycan üçün təkcə Naxçıvanla quru əlaqə marşrutu deyil, həm də Türkiyə vasitəsilə türk dünyasına açılan yeni inteqrasiya xəttidir. Bu yolun qısa müddətdə açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Biz qonşu İranında regionumuzda sülh, əmin-amanlıq və inkişafa xidmət edən bu addımları dəstəkləməsini gözləyirik. Düzünü desəm, biz onların bu qarşılıqlı faydalı mühitdən istifadə etmələrini istəyirik”, – Türkiyə prezidenti bildirib.