Rati Breqadze - Mamuka Xazaradze və Badri Caparidzenin Gürcüstana qarşı davası Gürcüstanın qələbəsi ilə başa çatdı və onların üzərinə hökumətin xeyrinə 650 min dollar ödəmək öhdəliyi də qoyuldu
Mamuka Xazaradze və Badri Caparidzenin Gürcüstana qarşı davası Gürcüstanın qələbəsi ilə başa çatdı və onların üzərinə hökumətin xeyrinə 650 min dollar ödəmək öhdəliyi də qoyuldu – bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə bildirib.
Rati Breqadze, arbitrajın Gürcüstan hökumətinin investisiya müqaviləsinə qanuni xitam verdiyini təsdiqlədiyini deyib.
“2024-cü ilin iyulun 29-da Parisin arbitrajı Gürcüstan hökumətinə və MMC “Anaklianın İnkişafı Konsorsiumu”na qərarı göndərdi və qərara əsasən dava Gürcüstanın qələbəsi ilə başa çatdı. Məlum olduğu kimi, sözügedən davanın əsasını Anakliada Qara dənizin dərin dəniz limanının tikintisi, istismarı və təhvil verilməsi haqqında Gürcüstan hökuməti ilə MMC “Anaklianın İnkişafı Konsorsiumu” arasında 2016-cı ilin oktyabrın 3-də imzalanmış investisiya sazişi təşkil edirdi.
Xüsusilə, investor tərəfindən investisiya öhdəliklərinin dəfələrlə pozulması səbəbindən Gürcüstan hökuməti investisiya müqaviləsinə xitam vermək məcburiyyətində qaldı. Arbitraj iddiaçısı investisiya müqaviləsinə xitam veilməsinin qanuniliyinə şübhə edir və təqribən 1.5 milyard dollar təzminat tələb edirdi. Arbitraj Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan hüquqi arqumentlər və sübutlarla tam şəkildə razılaşdı və Gürcüstan hökuməti tərəfindən tikinti üçün zəruri maliyyəni tapmaq məqsədilə müəyyən edilmiş müddətlərin çoxsaylı təxirə salınmasına baxmayaraq, investorun öz təqsiri üzündən öhdəliyi tamamilə yerinə yetirə bilmədiyini müəyyən etdi. Həmçinin, layihənin maliyyələşdirilməsi öhdəliyi tamamilə investorun üzərinə düşürdü, lakin o, öz səbəblərindən lazımi vəsaiti tapa bilməyib. Layihənin kommersiya riskinin daşıyıcısı da yalnız investor idi. Hökumət investorun layihəni həyata keçirməsinə nə birbaşa, nə də dolayısı ilə mane olmayıb.
Arbitraj bütün qeyd olunanları nəzərə alaraq, Gürcüstan hökumətinin investisiya müqaviləsinə qanuni xitam verdiyini təsdiqlədi və iddiaçının 1.5 milyard dollar təzminat tələbini tamamilə rədd etdi və əksinə, iddiaçının üzərinə Gürcüstan hökumətinin xeyrinə 650 min dollar ödəmək öhdəliyi qoydu” – Rati Breqadze bildirib.