Rati Breqadze Avropa Şurasının Süni İntellekt Konvensiyasını imzalayıb
Gürcüstanın ədliyyə naziri Rati Breqadze Avropa Şurasının Süni İntellekt Konvensiyasını imzalayıb.
Bu, süni intellekt sistemlərinin istifadəsi və insan hüquqlarının müdafiəsi arasında balansı təmin etməyə hədəflənmiş ilk beynəlxalq və məcburi sənəddir.
Sənəd hüquqi baza yaradır və müqavilə bağlayan dövlətlərdə süni intellektdən istifadənin əsaslanmalı olduğu əsas prinsipləri müəyyən edir. Bununla yanaşı, o, süni intellektin istifadəsi kontekstində insan hüquqlarının təmin edilməsini hədəfləyir.
Rati Breqadze, bir tərəfdən ədliyyə və xidmətlərin göstərilməsi sahəsində müasir texnologiyaların tətbiqinin, digər tərəfdən texnologiyalardan və süni intellektdən istifadənin insan hüquqlarının müdafiəsi standartlarına tam uyğun olması üçün müvafiq hüquqi tənzimləmələrin yaradılmasının Gürcüstanın Ədliyyə Nazirliyinin prioriteti olduğunu bildirib. Bu məqsədlə yaxın gələcəkdə Ədliyyə Nazirliyi Süni İntellekt Hüquq Mərkəzini açacaq.
Sözügedən konvensiyanı Gürcüstanla birlikdə Avropa İttifaqı, ABŞ, Birləşmiş Krallıq, Andorra, İslandiya, Norveç, İsrail, San Marino və Moldovanın nümayəndələri imzalayıblar.