Radoslav Sikorski müttəfiqlərin daxili mübahisələrinə qarışmamaq barədə qeyri-rəsmi razılaşma olduğunu, lakin Trampın Navrotskinin namizədliyini dəstəkləməklə bu razılaşmanı pozduğunu bildirir
Polşa xarici işlər naziri Radoslav Sikorski ABŞ prezidenti Donald Trampın 2025-ci il prezident seçkilərində Karol Navrotskini dəstəkləmək qərarını tənqid edib. Sikorski bu barədə Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı danışıb.
Panel müzakirəsi zamanı Sikorski ABŞ administrasiyasının prezident Donald Trampın siyasi gündəliyinə uyğun gələn analitik mərkəzləri və xeyriyyə təşkilatlarını maliyyələşdirməsini müzakirə edib.
Polşa xarici işlər naziri qeyd edib ki, əvvəllər müttəfiqlərin daxili siyasi mübahisələrinə müdaxilə etməmək barədə qeyri-rəsmi razılaşma olub, lakin Tramp Polşanın prezident seçkilərində Karol Navrotskini dəstəkləməklə bu qaydanı pozub.
“Əvvəllər biz bir-birimizin siyasətinə müdaxilə etmirdik, lakin, demokratiya adı altında avtokratik rejimlərin siyasətinə müdaxilə edirdik. Bu tamamilə hiddətləndiricidir. Polşaya gəldikdə isə, bu, irrasionaldır”, – Sikorski bildirib.
Onun dediyinə görə, Polşa uzun illər ərzində Avropada ən çox Amerika tərəfdarı olan ölkə olub.
“ABŞ-ın seçki dövründə ideal bir vəziyyəti var idi, hakimiyyət və müxalifət kimin daha çox Amerika tərəfdarı olacağını görmək üçün bir-biri ilə yarışırdı. Tərəfləri seçməyə başlayanda dinamika tamamilə dəyişir”, – deyə Sikorski deyib.
Polşa xarici işlər naziri həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin keçən il Münxen Təhlükəsizlik Konfransında Avropanı söz azadlığını və senzuranı məhdudlaşdırmaqda günahlandırdığı çıxışını xatırladıb.
Sikorski qeyd edib ki, konkret səbəblərə görə Avropa ölkələrində ifrat sağçı hərəkatlara qarşı müəyyən məhdudiyyətlər tətbiq olunur.
“Avropada, məsələn, Polşada mühüm tarixi səbəblərə görə faşizm və kommunizmə dəstək qadağandır. Biz məsuliyyətli söz azadlığına inanırıq. Lakin bir il əvvəl burada baş verən o idi ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti bizə dedi ki, guya bizim söz azadlığı haqqında anlayışımız senzuradır və mən bunu qəbul edə bilmərəm”, – deyə Sikorski bildirib.
Onun sözlərinə görə, Amerikanın mövqeyinin avropalılara zorla qəbul etdirilməsi qəbuledilməzdir.
“Hazırda qarşılaşdığımız çətinlik Atlantik okeanının bir tərəfinin öz dəyərlərini digər tərəfə qəbul etdirməyə çalışmasıdır və bu, yolverilməzdir”, – Polşa xarici işlər naziri bildirib.
Məlumat üçün bildirək ki, 5 dekabrda ABŞ yeni milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə Avropa İttifaqı, o cümlədən “söz azadlığını senzura etdiyinə və siyasi müxalifəti boğduğuna” görə tənqid olunur.