Qivi Mikanadze xaricdə distant təhsil proqramında iştirak edən mühacir şagirdlər və müəllimlərlə görüşüb

21:10, 17.07.2026

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin “Qeyri-formal təhsil proqramı” çərçivəsində xaricdə distant gürcü dilini öyrənən gürcü mühacir şagirdlər və müəllimlərlə görüşüb.

Nazir proqramda iştirak edən müəllimlərə xüsusi təşəkkürünü bildirib.

“Xaricdə yaşamalarına baxmayaraq, gürcü gənclərinin gürcü dilinə, tarixinə və mədəniyyətinə olan maraqlarını itirməmələri qürurvericidir. Yüksək peşəkarlıq, məsuliyyət və fədakarlıqla gənc nəslin gürcü dili, milli kimliyi və vətəni ilə sıx əlaqəsini qoruyub saxlamasına kömək edən proqram müəllimlərinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xaricdə olan gürcü gənclərinin ölkəmizin zəngin tarixini və mədəni irsini tanıması vacibdir. Biz onların milli kimliyinin güclənməsinə kömək edəcək bu cür təşəbbüslərin həyata keçirilməsini hər zaman dəstəkləyəcəyik. İnanıram ki, bu gənclər öz bilik və təcrübələri ilə ölkənin inkişafına mühüm töhfə verəcəklər”, – Qivi Mikanadze bildirib.

Təhsil Nazirliyinin məlumatına görə, görüşdə Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzin direktoru Ekaterine Xutsişvili də çıxış edib.

Proqram çərçivəsində şagirdlər onlayn formatda ana dilini öyrənir, Gürcüstanın tarixi və mədəniyyəti ilə tanış olurlar.

Tədris prosesini Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi tərəfindən seçilmiş və təlim keçmiş ixtisaslı müəllimlər aparırlar.

Proqramın idarə edilməsi “mühacirlər üçün gürcü dili” fənn portalı vasitəsilə həyata keçirilir. Burada qeydiyyatdan keçmək, tədris qrupu və müəllim seçmək mümkündür. Portalda həmçinin tədris resursları da əlçatandır.

“Mühacirlər üçün gürсü dili” portalı 2025-ci ilin sentyabr ayından fəaliyyət göstərir və hazırda dünyanın müxtəlif ölkələrində (Almaniya, Fransa, İtaliya, ABŞ, Türkiyə, Birləşmiş Krallıq, Niderland, Kanada və s.) yaşayan 3 500-ə yaxın şagirdi birləşdirir.

Oxşar