Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadze Fransanın Gürcüstandakı yeni təyin olunmuş səfiri Olivye Kurto ilə görüşüb.
Nazir səfirə yeni vəzifəsində uğurlar arzulayıb və Fransa ilə Gürcüstan arasında çoxillik səmərəli tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edib.
Qivi Mikanadzenin söylədiyinə görə, iki ölkənin birgə səyləri ilə təhsil sahəsində bir sıra mühüm layihələr həyata keçirilir.
Qivi Mikanadze Fransanın səfirinə Gürcüstanda ali təhsil sahəsində aparılan fundamental islahatın əsas istiqamətləri barədə məlumat verib. Bu islahat ictimaiyyətə Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən təqdim edilib.
Tanışlıq görüşündə tərəflər təhsilin bütün üç pilləsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər. Bu çərçivədə, gənclər üçün innovativ layihələrin təklifi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və Gürcüstan məktəblərində fransız dilinin gücləndirilməsi məsələləri də nəzərdən keçirilib.
Öz növbəsində, Fransanın səfiri Fransız dili və mədəniyyətinin təşviqi baxımından Gürcüstanda fəaliyyət göstərən Fransız-Gürcü Universitetinin əhəmiyyəti haqqında danışıb.
Görüşün sonunda tərəflər gələcək tərəfdaşlığı dərinləşdirməyə hazır olduqlarını ifadə ediblər.
Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.