Qida Təhlükəsizliyi Milli Agentliyi istehlakçılara müraciət edir, südü qeyri-təşkilatlanmış ticarət yerlərindən almayın
Qida təhlükəsizliyinin dövlət nəzarəti çərçivəsində Qida Təhlükəsizliyi Milli Agentliyinin yoxlama qrupları süd nümunələrini yoxlayır. Bu barədə məlumatı agentlik yayıb.
Agentliyin verdiyi məlumata görə, mütəxəssislər həm satış şəraitini (etiket, istifadə müddəti, temperatur rejimi) yoxlayırlar, həm də müxtəlif göstəricilər üzrə laborator araşdırma aparmaq üçün nümunələr götürülür.
“Satış obyektləri ilə yanaşı, xam süd nümunələrinin götürülməsi (yəni müxtəlif növ süd məhsullarının hazırlandığı xammalın) həm süd toplanma məntəqələrindən, həm də emal müəssisələrindən həyata keçirilir. Laborator tədqiqatların nəticələri barədə məlumat agentlik tərəfindən proaktiv şəkildə paylaşılır.
Qeyd olunmalıdır ki, süd laborator şəraitdə 24 göstərici üzrə yoxlanılır. Bunlara baytarlıq preparatlarının (antibiotiklərin) qalıqları, aflatoksin M1, brusellyoz, qurğuşun miqdarı və digər göstəricilər daxildir.
Kompleks nəzarət tədbirləri ilə paralel olaraq, agentlik istehlakçılara müraciət edir ki, südü qeyri-təşkilatlanmış ticarət yerlərindən almasınlar, çünki belə yerlərdə qidanın izlənilə bilməsi təmin olunmur. Yoxlanılmamış heyvani mənşəli qida məhsullarının istifadəsi həyat və sağlamlıq üçün təhlükəli xəstəliklərə yoluxma riskini artırır”, – deyə Qida Təhlükəsizliyi Milli Agentliyinin məlumatında qeyd olunur.