Qəzzanın cənubuna İsrailin hücumu nəticəsində azı 40 nəfər həlak olub və onlarla insan yaralanıb

13:45, 10.09.2024

 
Qəzzanın cənubuna İsrailin hücumu nəticəsində azı 40 nəfər həlak olub və onlarla insan yaralanıb.

Yerli sakinlər hücumun Xan Yunisdən qərbdə, qaçqınların yaşayış sahəsində baş verdiyini bildirirlər.

“40 nəfər həlak olub və 60-dan çox insan yaralanıb, çoxları hələ də dağıntılar altındadır” – “HƏMAS”ın nümayəndəsi “BBC”yə deyib.

Xeyriyyə təşkilatlarından birinin könüllüləri üç partlayış səsi eşitdiklərini, köməyə gələnlərin isə fəlakətin miqyasından məəttəl qaldığını bildirirlər.

İsrailin Müdafiə Qüvvələrinin sözçüsü bildirir ki, israilli hərbçilər komanda və idarəetmə mərkəzi Xan Yunisin humanitar zonasında yerləşən “HƏMAS” terrorçularına qarşı hücum həyata keçiriblər.

Mülki əhalinin həlak olmasına gəlincə, Daniel Haqari İsrailin bu riski azaltmaq üçün addımlar atdığını deyib.

“Qəzzada terror təşkilatları İsrail dövlətinə və müdafiə qüvvələrinin hərbçilərinə qarşı terror əməllərini həyata keçirmək üçün humanitar zona da daxil olmaqla mülki və humanitar infrastrukturdan sui-istifadə etməyə davam edirlər” – sözçü qeyd edib.

“HƏMAS” İsrailin bəyanatını təkzib edib və “HƏMAS”ın hərbçilərinin humanitar zonada olması barədə məlumatı yalan adlandırıb.

Oxşar