Qambiyadan Kanar adalarına gedən qayığın batması nəticəsində həlak olan miqrantların sayı 80-ə yüksəlib

21:05, 03.09.2026

Qambiyadan Kanar adalarına gedən qayığın batması nəticəsində həlak olan miqrantların sayı 80-ə yüksəlib. Hadisə Qran Kanariya adası yaxınlığında baş verib. Qayıqda ümumilikdə 128 nəfər olub və onların bir qismini xilas etmək mümkün olub. Bu barədə İspaniyanın Dəniz Xilasetmə Xidməti bildirib. Məlumatı “Sky News” yayır.

Xilasedicilərin məlumatına görə, qayıq avqustun 7-də Qambiyadan yola düşüb. 27 gün sonra o, Qran Kanariyanın cənub sahili yaxınlığında aşkar edilib. Xilasedicilər qayığa gecə yarısı çatıb və sağ qalanları Arginegin limanına təxliyə ediblər. Xilasedicilər hadisə yerinə gəldikdə, qayıqda ən azı beş nəfərin cəsədi olub. Xidmət nümayəndələrinin bildirdiklərinə görə, mürəkkəb meteoroloji şərait səbəbindən digər həlak olanların cəsədlərini çıxarmaq mümkün olmayıb.

Sentyabrın 3-də səhər saatlarında xilasedicilər 128 sərnişindən 80-nin həlak olduğunu təsdiqləyiblər.

Kanar adaları hökumətinin rəhbəri Fernando Klavixo bildirib ki, bu faciə Atlantik miqrasiya marşrutunun hansı təhlükələri bərabərində gətirdiyinin növbəti bir xatırlatmasıdır.

Onun sözlərinə görə, dənizdə insanların həlak olması bir qaydaya çevrilməməlidir və bu problemin həlli üçün miqrasiya sahəsində dövlət siyasətinin işlənib hazırlanması zəruridir.

Qeyd etmək lazımdır ki, İspaniya Baş naziri hazırda Seutadakı miqrasiya böhranı ilə bağlı artan siyasi təzyiq altındadır. Sentyabrın 2-də hökumətin bu məsələ ilə bağlı fəaliyyətinə etiraz etmək üçün İspaniya miqyasında on minlərlə insan küçələrə çıxdı.

Oxşar