Prokurorluq transmilli cinayətlərin üstünü açıb və çirkli pulların yuyulması ittihamı ilə xarici ölkənin dörd vətəndaşı və beş hüquqi şəxs barəsində cinayət təqibinə başlayıb
Gürcüstan Prokurorluğu transmilli cinayətlərin üstünü açıb və xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması ittihamı ilə xarici ölkənin dörd vətəndaşı və beş hüquqi şəxs barəsində cinayət təqibinə başlayıb.
Gürcüstanın Baş Prokurorluğunun istintaq hissəsində aparılan istintaqlarla təqsirləndirilən şəxslərin maddi mənfəət əldə etmək məqsədilə müxtəlif ölkələrdə cinayətlər törətdikləri və qanunsuz gəlirləri yumaq üçün aktivləri Gürcüstana köçürdükləri müəyyən edilib.
Prokurorluqda keçirilən brifinqdə qeyd olunduğu kimi, çirkli pulların yuyulması məqsədilə, real sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan, təqsirləndirilən şəxslər Gürcüstanda müəssisələr təsis ediblər, saxta sənədlərdən istifadə etməklə və fiktiv təyinatlar göstərməklə şəxsi və hüquqi şəxslərin bank hesablarına xaricdən hissə-hissə qanunsuz və əsassız mənşəli 21.5 milyon lari ekvivalentində müxtəlif valyutalar köçürüblər.
Həmçinin, çirkli pulların yuyulması məqsədilə onlar gürcü bank hesablarında toplanmış vəsaitin kiçik bir hissəsini fiktiv təyinatlar və saxta sənəddən istifadə etməklə xaricdəki müxtəlif bank hesablarına köçürüblər, qanunsuz aktivlərin əsas hissəsinin üzərinə isə cari istintaq çərçivəsində həbs qoyulub.
“Təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə xüsusilə böyük məbləğdə qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə başlanılıb, bu da fiziki şəxslərə münasibətdə cəza növü və ölçüsü olaraq 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetməni, hüquqi şəxslərə münasibətdə isə ləğvolunma və ya fəaliyyət hüququndan məhrum edilmə və cəriməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək və həbs qərarı verildiyi təqdirdə onlar barəsində axtarış elan olunacaq.
İstintaq çərçivəsində həbs qoyulmuş, təxminən 14 milyon lari ekvivalentində xarici valyutanın və 1 milyon laridən çox dəyəri olan daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə olunması üçün prokurorluq müvafiq hüquqi prosedurları həyata keçirəcək.
İctimaiyyətə xatırladırıq ki, çirkli pulların yuyulmasına qarşı mübarizə Gürcüstan Prokurorluğunun əsas prioritet istiqamətlərindən biridir və bu cinayəti törədən şəxslərə münasibətdə sərt cinayət siyasəti yürüdülür” — Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə bəyan ediblər.