Prokurorluq xüsusilə külli miqdarda pulun yuyulması faktı ilə bağlı xarici ölkə vətəndaşı barəsində cinayət təqibinə başlayıb
Prokurorluq xüsusilə külli miqdarda pulun yuyulması faktı ilə bağlı xarici ölkə vətəndaşı barəsində cinayət təqibinə başlayıb.
Gürcüstan Baş Prokurorluğunun İstintaq hissəsində aparılan araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs xüsusilə külli miqdarda qanunsuz mənşəli vəsaiti leqallaşdırmaq məqsədilə müxtəlif ölkələrin adından verilmiş saxta pasportlarla açılmış bank hesablarından istifadə edib. Həmin hesablara hissə-hissə ümumilikdə təxminən 1,9 milyon lari ekvivalentində xarici valyuta yatırılıb.
Bank hesablarında yerləşdirilən və qanuni gəlir kimi təqdim edilən bu vəsaitlərin maliyyə sisteminə inteqrasiyası məqsədilə təqsirləndirilən şəxs çoxsaylı tranzaksiyalar vasitəsilə pulları özünün nəzarət etdiyi və onunla əlaqəli şəxsin bank hesablarına köçürüb. Vəsaitin bir hissəsini isə daşınmaz əmlaka yatırıb.
Xarici ölkə vətəndaşına Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “q” bəndi ilə – xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması maddəsi ilə qiyabi ittiham irəli sürülür. Bu əməl 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək. Həbs qərarı çıxarılacağı təqdirdə, onun barəsində axtarış elan ediləcək.
İstintaq çərçivəsində üzərinə həbs qoyulmuş daşınmaz əmlakın və bank hesablarında saxlanılan vəsaitlərin dövlətin xeyrinə müsadirə edilməsi üçün prokurorluq müvafiq hüquqi prosedurları həyata keçirəcək.