Polşanın paytaxtı Varşavada Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib
Polşanın paytaxtı Varşavada Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib

Polşanın paytaxtı Varşavada Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına əsasən, Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Diana Jğenti toplaşan ictimaiyyət qarşısında çıxış edib. Səfir Gürcüstanın xarici siyasətinin əsas prioritetləri və səyləri barədə danışdı. Ölkəmizin qarşısında mövcud çağırışlar və iqtisadi layihələr, o cümlədən tranzit dəhlizləri də vurğulanıb.

Tədbirdə diplomatik korpusun, Polşa hakimiyyətinin və özəl sektorun nümayəndələri, gürcü diasporunun üzvləri və digər qonaqlar iştirak edirdilər.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Azərbaycanın səfiri kimi burada olmaq mənim üçün böyük şərəfdir və mən qardaş gürcü xalqını və strateji tərəfdaşımız olan Gürcüstanı bu mühüm gün münasibətilə təbrik etmək istəyirəm. Gürcüstan və Azərbaycan qardaş xalqlar və daimi tərəfdaşlardır. Bizim tərəfdaşlığımız regionu görünməmiş şəkildə dəyişib. Bu mühüm gündə sizə xoşbəxtlik və möhkəm cansağlığı arzulayıram”, – Qurbanova qeyd edib.

Macarıstanın Polşadakı səfiri İstvan İgiarto Macarıstanın gürcü xalqının arzularını dəstəklədiyini təsdiqləyib.

“Macarıstan və Gürcüstan arasında həmişə dostluq münasibətləri olub, biz Gürcüstanı dəstəkləyirik, Gürcüstanın səylərini dəstəkləyirik və mən ölkənin Müstəqillik Günündə xalqınıza ən xoş arzularımı çatdırmaq istərdim”, – İgiarto bildirib.

Serbiyanın Polşadakı səfiri Neboyşa Koşutiç qeyd edib ki, o, Gürcüstan və Serbiya arasında münasibətlərin dərinləşəcəyini gözləyir.

“Serbiyanın Polşadakı səfiri kimi mən özümü Gürcüstanın dostu hesab edirəm, çünki bütün serblər gürcülərin dostudur. Bu tədbirdə iştirak etmək mənim üçün xüsusi şərəfdir. Mən həm dövlət, həm də xalq səviyyəsində əlaqələrimizin dərinləşməsini səbirsizliklə gözləyirəm. Mən bilirəm ki, münasibətlərimiz daha intensiv xarakter alır və ümid edirəm ki, əməkdaşlığımız iqtisadiyyat və turizm sektorlarına əlavə töhfə verəcək. Ümid edirəm ki, çox yaxın vaxtlarda biz Tbilisidə daha yüksək daimi səviyyədə təmsil olunacağıq və ölkələrimizin parlaq Avropa gələcəyini gözləyirəm”, – Koşutiç bildirib.

İtaliyanın Polşadakı səfiri Luka Franketi Pardo Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“İlk növbədə, sizi Gürcüstanın Milli Günü münasibətilə təbrik etmək istəyirəm. Gürcüstan səfiri, dostum, öz vəzifəsini bacardığı qədər yerinə yetirən əla diplomatdır”, – Pardo bildirib.

Özbəkistanın Polşadakı səfiri Əmirsəid Ağzəmxocayev Gürcüstan və Özbəkistan arasında gələcək əməkdaşlığın dərinləşməsindən danışıb.

“Gürcüstana firavanlıq arzulamaq istəyirəm. Bildiyiniz kimi, Özbəkistan və Gürcüstan arasında çox yaxşı münasibətlərimiz var və bu, gələcəkdə mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün əla əsasdır və biz bunu mütləq həyata keçirəcəyik”, – deyə Ağzəmxocayev bildirib.