Polşa müdafiə naziri – Volın faciəsi qurbanlarının xatirəsi müzakirə mövzusu ola bilməz, elə sərhədlər var ki, onları aşmaq olmaz
Ukrayna Prezident Administrasiyasının rəhbəri Kiril Budanov Polşa müdafiə naziri Vladislav Kosyniak-Kamış ilə görüşüb.
Görüşün əsas mövzusu Ukrayna bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” adının verilməsi olub.
Kosyniak-Kamışın sözlərinə görə, o, Polşanın açıq gözləntilərini Budanova çatdırıb və qeyd edib ki, ölkələr təhlükəsizlik məsələlərində tərəfdaşdırlar, lakin tarix barədə bir-birlərinə həqiqəti deməlidirlər.
“Yalnız bu şəkildə gələcəyi qura biləcəyik. Volın faciəsi qurbanlarının xatirəsi müzakirə mövzusu deyil. Elə sərhədlər var ki, onları aşmaq olmaz”, – deyə Polşa müdafiə naziri sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun bölmələrindən birini “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” adlandırıb. Zelenskinin sözlərinə görə, “o, bunu milli ordunun tarixi ənənələrini bərpa etmək üçün edib”.
Polşa mediasının yazdığına görə, “Ukrayna Üsyançı Ordusu” 1943-cü ilin iyul ayında keçmiş Volın quberniyasının (voyevodalığının), xüsusilə də hazırkı Ukrayna ərazisində yerləşən Volodimir, Horoxiv, Kovel və Lutsk rayonlarında polyakların məskunlaşdığı təxminən 150 şəhərə qarşı koordinasiyalı hücum həyata keçirib.
Polşa mediası qeyd edir ki, Polşa və Ukrayna uzun illər ərzində millətçilərin və üsyançıların fəaliyyətinin qiymətləndirilməsində fərqli baxışlara malikdirlər. Polşa üçün Volın hadisələri soyqırım, ukraynalılar üçün isə hər iki tərəfin eyni dərəcədə məsuliyyət daşıdığı simmetrik silahlı münaqişənin nəticəsi olub.Bundan əlavə, ukraynalılar “Ukrayna Millətçiləri Təşkilatı” və “Ukrayna Üsyançı Ordusu”nu polyak əleyhinə deyil, ümumilikdə anti-sovet təşkilatları kimi qəbul edirlər.