Polşa müdafiə naziri - NATO-nun şərq cinahını gücləndirmək və Avropanı daha etibarlı müdafiə ilə təmin etmək üçün əlavə Amerika qoşunları qəbul etməyə hazırıq
Polşa əlavə Amerika hərbi kontingentini qəbul etməyə hazırdır, – bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamiş sosial şəbəkədə yazır.
“Polşa NATO-nun şərq cinahını gücləndirmək və Avropanı daha etibarlı müdafiə ilə təmin etmək üçün əlavə Amerika qoşunlarını qəbul etməyə hazırdır. Polşa-Amerika ittifaqı təhlükəsizliyimizin təməl daşıdır”, – Kosiniak-Kamiş sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Almaniyanı tərk edəcək amerikalı hərbçilər ola bilsin ki, Polşaya göndərilsin. Bundan əvvəl Almaniyada yerləşdirilmiş amerikalı hərbçilərin çıxarılması barədə qərar qəbul edilmişdi. Pentaqonun məlumatına görə, 5000 Amerika hərbçisi Almaniyanı tərk edəcək. Donald Tramp həmçinin amerikalı hərbçilərin bir hissəsinin İtaliya və İspaniyadan da çıxarıla biləcəyini istisna etməyib. Bundan əvvəl ABŞ Prezidenti bildirib ki, NATO müttəfiqlərinin ABŞ-ın İranla bağlı əməliyyatlarına kömək etməmək qərarından narazıdır.