“Politico” – Ərdoğan NATO sammitindən əvvəl repressiyalara başlayıb

21:11, 26.06.2026

“Ərdoğan NATO sammitindən əvvəl repressiyalara başlayıb”, -“Politico” məqaləni belə bir başlıqla təqdim edir və bildirir ki, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD və digər qruplaşmalarla əlaqədə şübhəli bilinən 225 nəfəri həbs edib. Həbs olunanlar arasında alimlər, müəllimlər və fəallar da var, onlardan biri isə 79 yaşlı ətraf mühit müdafiəçisidir.

Məqaləyə əsasən, Ankarada kütləvi toplaşmalar, imtahanlar, mətbuat konfransları və hətta poster sərgiləri qadağan edilib. Təhlükəsizliyi təmin etmək üçün 40.000 polis əməkdaşı səfərbər edilib.

Yerli jurnalistlərin xəbər verdiyinə görə, onlarla müstəqil türk jurnalistinə, o cümlədən Prezident Ərdoğanın hakimiyyətini tənqid edən media vasitələrinin nümayəndələrinə heç bir izahat verilmədən 7-8 iyul tarixlərində keçirilməsi planlaşdırılan NATO sammitini işıqlandırmaq üçün akkreditasiya verilməyib.

“Politico” yazır ki, 15 mətbuat azadlığı təşkilatı akkreditasiyaların verilməsi ilə bağlı məsələyə yenidən baxılması tələbi ilə NATO-nun Baş katibi Mark Rutteyə yazılı müraciət edib.

“NATO sammiti repressiyalar üçün bəhanə kimi istifadə edilməməlidir. Biz hadisələrin inkişafını diqqətlə izləyirik və biz bu məsələləri ikitərəfli müntəzəm təmaslar zamanı qaldıracağıq“, — nəşrlə söhbətində mənbə bildirir.

Mənbələrdən biri qeyd edir ki, NATO akkreditasiya siyahısını nəzərdən keçirmək üçün Türkiyə hakimiyyəti ilə əlaqə saxlayır.

Mətbuat azadlığı indeksinə görə, Türkiyə 180 ölkə arasında 163-cü yerdədir ki, bu da NATO-ya üzv ölkələr arasında ən aşağı göstəricidir. Həbsdə olan jurnalistlərin sayına görə isə ölkə yalnız Azərbaycan və Rusiyadan geri qalır.

Oxşar