Polis Tbilisidə baş vermiş qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Polis Tbilisidə baş vermiş qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü Q.X.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına görə, cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni  nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək, 2000-ci il təvəllüdlü İ.D.-nin döş qəfəsi və qarın nahiyəsinə xəsarətlər yetirib, hadisə yerindən qaçaraq gizlənib. Yaralı kişi tibb müəssisəsinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.X.-nı “isti izlər”lə saxlayıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.