Polis Tbilisidə avtomobil oğurluğu faktı üzrə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən nəqliyyat vasitəsinin oğurlanması ittihamı ilə iki nəfəri saxlayıblar. Saxlanılanlardan biri yetkinlik yaşına çatmayan şəxsdir. Məlumatı DİN yayır.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə şirkətlərdən birinə məxsus avtomobili qanunsuz olaraq ələ keçiriblər və oğurlanmış avtomobillə Qərbi Gürcüstan istiqamətində hərəkət edirdilər.
“Cinayəti törətdikdən qısa müddət sonra onlar oğurlanmış avtomobillə yol-nəqliyyat hadisəsi törədiblər. Avtomobili hadisə yerində qoyublar, özləri isə qaçaraq gizləniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslər “isti izlər”lə saxlanlıb və oğurlanmış avtomobil maddi sübut kimi götürülüb.
Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır, bu da 10 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – deyə DİN-in məlumatında qeyd edilib.