Polis şəxsi həyatın toxunulmazlığını pozmaq, seksual xarakterli cinayət və qəsbkarlıq ittihamı ilə Tbilisidə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şəxsi həyatın toxunulmazlığını pozmaq, bilərəkdən yetkinlik yaşına çatmayan şəxsə yönəlik seksual xarakterli hərəkət və qəsbkarlıq ittihamı ilə hakimin hökmü əsasında 2006-cı il təvəllüdlü R.X.-ni saxlayıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, cinayətlər 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış A.S.-dən sosial şəbəkə vasitəsilə şəxsi həyatını əks etdirən foto və videoları ona göndərməsini istəyib, daha sonra onu bununla təhdid edir və zorla müxtəlif məbləğlərdə pul alırmış. İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs zorakılıq hədəsi ilə A.S.-yə qarşı seksual xarakterli hərəkət törədib. İstintaq Cinayət Məcəlləsinin 157-ci əlavə maddəsinin birinci hissəsi, 138-ci maddəsinin 3-cü hissəsinin “A” yarımbəndi və 181-ci maddəsinin birinci hissəsi ilə aparılır” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.