Polis Polşa vətəndaşlarına qarşı zorakılıq faktı üzrə daha bir şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları, Polşa vətəndaşlarına qarşı Tbilisidə baş vermiş zorakılıq faktı ilə bağlı aparılan istintaq çərçivəsində, daha bir şəxsi saxlayıblar.
Keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 2005-ci il təvəllüdlü A.K. saxlanılıb.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 2004-cü il təvəllüdlü S.C.-nı və əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, 1985-ci il təvəllüdlü E.Q.-nı “isti izlər”lə dünən saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxslər qarşılıqlı mübahisə zəminində Tbilisidə yerləşən restoranlardan birinin yaxınlığındakı ərazidə 3 Polşa vətəndaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər və fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxslərdən biri E.Q. küt cisimdən istifadə etməklə onlara qarşı fiziki zorakılıq törədib.
Hadisə ilə bağlı istintaq intensiv rejimdə aparılır, bütün zəruri istintaq hərəkətləri həyata keçirilir.
İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci əlavə hissəsi ilə aparılır.