Polis qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Polis qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Şida Kartli Polisi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları “isti iz”lə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1981-ci il təvəllüdlü Z. N.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumatı yayır.

Qurumun məlumatına görə, cinayət 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, Kareli munisipalitetinin Bebnisi kəndində 1981-ci il təvəllüdlü Z.N. həmkəndlisi – 1975-ci il təvəllüdlü Z.İ.-ni odlu silahından açdığı atəşlə qətlə yetirib. Məlumat daxil olan kimi dərhal hadisə yerinə Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları gəlib və bu zaman cinayəti törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçaraq gizlənib.

Atışma nəticəsində Şida Kartli Polis Departamentinin iki əməkdaşı yaralanıb. Onların hər ikisi müvafiq tibbi yardım almaq məqsədi ilə klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri istintaq hərəkətləri nəticəsində Z.N. “isti iz”lə saxlanılıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilib.